Entertainment Software Rating Board

ESRB-nin loqosu

Entertainment Software Rating Board (ESRB) - ABŞ və Kanadada kompüter video-oyunları və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı. 1994-cü ildə Interactive Digital Software Association (indiki adı – Entertainment Software Association) tərəfindən yaradılıb. Oyunun reytinqi məhsulun bağlamasının üzərində çap olunur, onun reklamında yerləşdirilir və saytında göstərilir. İstehsalçı şirkət rəsmi olaraq satışa buraxılmayanadək ona reytinq almağa borclu deyil, çünki işlənib hazırlanma gedişində oyunun məzmunu əhəmiyyətli dərəcədə dəyişilə bilər.

Reytinq iki hissədən ibarətdir: reytinq nişanından və məzmunun qısa təsvirindən. Reytinq nişanı, adətən, bağlamanın üz tərəfində sol, yaxud sağ aşağı küncdə yerləşir və oyun üçün ən münasib yaş kateqoriyasını müəyyənləşdirir. Məzmunun təsviri qutunun arxa tərəfində, adətən, sol, yaxud sağ aşağı küncdə yerləşdirilir və oyunun məzmunun bəzi elementlərini sadalayır. ESRB reytinqlərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlanğıc hərfləri göstərilir. Hazırda aşağıdakı loqotiplərdən istifadə olunur:


• “EC” (“Early childhood”) – “Kiçik yaşlı uşaqlar”;
• “E” (“Everyone”) – “Hər kəs”;
• “E10+” (“Everyone 10 and older”) – “10 yaşdan yuxarı hər kəs”;
• “T” (“Teen”) – “Yeniyetmələr”;
• “M” (“Mature”) – “Yetkin yaşlılar”;
• “AO” (“Adults Only 18+”) – “Yalnız böyüklər”;
• “RP” (“Rating Pending”) – “Reytinq gözlənilir”.


Əvvəllər mövcud olmuş “K-A” (“Kids to Adults”) – “Uşaqdan böyüyədək” reytinqi 1998-ci ildə “E” (“Everyone”) ilə əvəz olunub.


Developed by StudentB